Tərtərdə Vətən müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun anadan olduğu gün qeyd olunub
5 iyun tarixində Tərtər rayonunun Kəngərli kəndində qeyd olunan mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdirinin müavini Zabil Paşayev, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin kənd qəbristanlığındakı məzarını ziyarət edib,önünə gül dəstələri düzüblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.
Sonra mərasim şəhidin evində davam etdirilib.
Azərbaycan Ordusunun əsgəri Mənsimli İntiqam Rövşən oğlu 1998-ci il iyunun 5-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2015-ci ildə Cəmçid Naxçıvanski adına Liseyi bitirmiş, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2017-ci ildə təhsilini yarımçıq qoyub, könüllü olaraq Xocavənd istiqamətində ön cəbhədə xidmət etmişdir.O,minaatan batareyada manqa komandiri olub.
Mənsimli İntiqam 2020-ci il oktyabrın 16-da Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 17-da yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
O, 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Doğulub boya-başa çatdığı kənddə şəhidin adı əbədiləşdirilərək adına bulaq inşa edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.