Tərtərdə Vətən müharibəsi şəhidi Məmmədli Sənanın ad günü məzarı önündə qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Qaradağlı kənd sakini Məmmədli Sənan Səlim oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı Məmmədli Sənan Səlim oğlu 1997-ci il sentyabrın 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Şəhid Məmmədli Sənan 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.