Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi İsgəndərli Səbuhi Yaşar oğlunun adı sinif otağına verilib

09 iyun 2023 | 15:52

Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Səbuhi İsgəndərlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib.

 Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

 Tədbirdə iştirak edən şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Səbuhi Yaşar oğlu İsgəndərli 25 iyun 2001-ci il tarixdə Tərtər rayonunda anadan olub. Ailəsi Şəkiyə köçdükdən sonra Səbuhi 2007-ci ildə 11 nömrəli məktəbin 1-ci sinifinə gedib, sonradan təhsilini 18 nömrəli orta məktəbdə davam etdirib. 2018-ci ildə orta təhsilini başa vuran Səbuhi 2019-cu il iyul ayından Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. Səbuhi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmət etdiyi müddət ərzində intizamlı olub, verilmiş tapşırıqları dəqiq və vaxtında icra etməklə seçilib.

Şəhid Səbuhi İsgəndərli Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyi istiqamətində düşmən mühasirəsinə düşüb. Bir neçə saat ərzində döyüşərək yoldaşlarının mühasirədən çıxmasına yol açıb. Döyüş meydanını tərk etməyən Səbuhi İskəndərli oktyabrın 22-də qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində dəfn edilib.

Səbuhi Yaşar oğlu İsgəndərli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Keçidlər