Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Elnur Abbaslının doğum günü qeyd olundu

17 iyul 2025 | 18:20

“Konstitusiya və Suverenlik İli” çərçivəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Köçərli kənd sakini Abbaslı Elnur Yaşar oğlununun doğum günü qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Pərviz Murtuzayev, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi evində ziyarət olunub.

Qeyd edək ki, Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub.

Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Ailəli idi 2 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər