Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Azər Şəmilovun ad günü məzarı önündə qeyd olundu

13 avqust 2022 | 12:45

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun  Hacallı kənd sakini Şəmilov Azər Elyas oğlununun doğum günü məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər şəhər cümə məscidinin imamı Sadiq Cəfərov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. O, 1978-1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986-1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə, 1994-2000-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

90-cı illərin Qarabağ müharibəsində iştirak edən Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə həkim kimi iştirak edib. Yaralı hərbçiləri döyüş meydanından çıxaran qəhrəman həkim oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub.

Şəhid Azər Şəmilov 16 il ANAMA-nın Tərtərdə yerləşən bölməsində baş həkim vəzifəsində çalışıb. O, Bərdə rayonu Kələntərli kəndində torpağa tapşırılıb.

Şəhidin vətənə əmanət iki övladı qalıb.

Azər Şəmilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət ediblər,  onların problemləri və qayğıları ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər