Tərtərdə Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olundu
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı il təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.
Rayon rəhbəri vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə təstiq edilmiş 21 “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş 25 “Vətən müharibəsi iştirakçısı” medalları Vətən müharibəsi iştirakçılarına və qazilərə təqdim olunub.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.