Tərtərdə Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd olunub
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər rayon Mədəniyyət Mərkəzi və Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon üzrə Nümayəndə Ceyhun İsmayılzadə, YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, idarə müəssisə-təşkilatlarının əməkdaşları və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Gününün məhz “Koroğlu” uvertürasının coşqusu ilə başlanması böyük rəmzi məna daşıyır. Bu musiqi xalqımızın qəhrəmanlıq ruhunu, azadlıq eşqini ifadə edir. O bildirmişdir ki, musiqi bayramının eləcə də işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunması xalqımızın Zəfər təntənəsinin, suverenliyimizin, milli ruhumuzun əbədiliyinin təsdiqidir. Bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, həyata keçirdiyi düşünülmüş siyasət və Qarabağ Zəfəri ilə əldə olunmuş tarixi nailiyyətlərin bəhrəsidir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, Azərbaycan xor musiqisinin inkişafına və muğamın qorunmasına verdiyi töhfələrdən danışıb.
Uşaq Musiqi Məktəbinin muğam ifaçılarının və Uşaq Musiqi məktəbinin şagirdinin iştirakı ilə konsert proqramı tamaşaçılara təqdim edilmişdir. Sonda Mədəniyyət müəssisələrinin əməkdaşlarına fəxri fərman təqdim olunub.






