Tərtərdə "Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi", "Narkomaniyaya qarşı mübarizədə təhsilin rolu", “Erkən nikah və yarımçıq qalan təhsil" mövzusunda tədbir keçirilib
Tərtər rayon Gülabatlı kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis baş leytenantı Fərman Haqverdiyev, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti Kifayət Mürsəlova, Tərtər rayon Gülabatlı kənd tam orta məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynamışdır.
Həmçinin erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Sonra dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.