Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ümummilli Liderin anım gününə həsr edilmiş tədbir keçirilib

10 dekabr 2025 | 17:18

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı  və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində Ümummilli Liderin anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Müşviq Həsənov, mərkəzin direktoru Səlimə Yusifova, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin həyat və fəliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.

Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayon İcra Hakimiyyəti  başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Qeyd olunub ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb. Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində sovetlər birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970-1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub.

Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi gün–1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bu gün isə  bu diqqət və qayğı onun siyasi kursunun ən layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Allahdan Ümummilli liderə rəhmət, onun bizə əmanət etdiyi oğlu Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini layiqincə yerinə yetirən qalib sərkərdə İlham Əliyevə isə cansağlığı arzulayırıq.

Sonra YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Müşviq Həsənov, Tərtər Peşə məktəbinin müəllimi Aynur Əliyeva və peşə məktəbinin tələbəsi Hüseynli Yusif  çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilir, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirin sonunda iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” filminə baxıblar.

Keçidlər