Tərtərdə “Ümummilli Lider və memarlıqda milli üslub” mövzusunda “dəyirmi masa” keçirilib
“Şəhərsalma və Memarlı İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə Umummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmış memarlıq və şəhərsalma sahəsində görülmüş işlərlərin ictimaiyyətə təqdim olunması ilə bağlı “Ümummilli Lider və memarlıqda milli üslub” mövzusunda “dəyirmi masa” keçirilib.Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi iştirak edib.
Əvvəlcə Ümummili Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək, Ümummilli Liderin hakimiyyəti illərində respublikamızda milli üslubda formalaşan memarlıq və şəhərsalma işlərindən danışıb. Qeyd olunub ki, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türk Ölkələri Beynəlxalq Araşdırmalar Akademiyasının fəxri doktoru, professor Ulu öndər Heydər Əliyev hələ gənclik illərindən memarlığa böyük həvəs göstərib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb, amma İkinci Dünya müharibəsinin başlanması ona orada təhsilini sona çatdırmağa imkan verməyib. Bununla belə, Ümummilli liderin memarlığa sevgisi və diqqəti könlündə həmişəlik yurd salıb. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. “Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib”, – deyərək, memarlıq və inşaat sahəsində də böyük tərəqqi əldə edilməsini prioritet sayıb. Paytaxtımızda və digər şəhərlərimizdə memarların yüksək ustalığına ünvan olan ictimai və yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlib. Bu sahədə həm kəmiyyətə, həm də keyfiyyət və bədii-estetik səviyyəyə tələb artıb. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq, qısa bir dönəmdə Azərbaycan memarlıq və şəhər salnaməsində artıq estetik dəyişikliklərə start verildi. Ümummilli liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir. Baxmayaraq ki, həmin dövrlərdə SSRİ məkanında o cür formatda tikililərin layihələndirilməsinə belə icazə verilmirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu öndər konseptual həllini özü təyin etdiyi layihələrin həyata vəsiqə almasına nail olurdu. O tikililərin layihələndirməsində, necə deyərlər, süjet xəttini özü verir və hətta memarlarımız tərəfindən layihələr işləndikcə mütəmadi olaraq müzakirələr aparırdı. Yəni demək olar ki, layihələri özü memarlarımızla birgə işləyirdi. Bu, dünya tarixində müşahidə olunmamış bir hadisədir.
Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, baş-məsləhətçi Alim Binnətov, mütəxəsis Aysel Sadıqova, aparıcı-mütəxəsis Turan Məhərrəmli çıxış ediblər. Çıxışlarda qeyd edildi ki, Əgər Ulu Öndərə qədər Azərbaycanda cəmi 37 şəhərin baş planı vardısa, 70–80-ci illərdə 60 şəhərin və bir sıra şəhər tipli qəsəbələrin baş planları işlənildi. Beləliklə də, bir-birindən gözəl, milli üslubda ucaldılan tikililər epoxası başlandı. Ümummilli lider tikililərin layihələndirilməsi ilə yanaşı, onların yerini də özü seçir, ətraf mühitlə harmoniyanı nəzərə alırdı. Bu isə memarlıqda ən əsas amillərdəndir.






