Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib
Tədbir iştirakçıları əvvəlcə rayonun Mərkəzi Meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını bildiriblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə mərkəzdə iştirakçılar Ulun Öndərin büstü önünə gül-çiçək dəstələri düzüb, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin tarixı fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşdüyünü qeyd edib. Bildirib ki, xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. O, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi.
İcra başçısı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illəri-34 ili respublikamız üçün “qızıl dövr” adlandırıb. Qeyd olunub ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoyub. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikildi, yeni qəsəbələr salındı, neftayırma sənayesi yenidən qurulub, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondinsionerləri zavodları tikilib. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf edib.
Bütün bu uğurları biz rayonumuzun timsalında da görürük. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər demişdir: “Tərtər Azərbaycanın gözəl təbiəti, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”.
Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib.
Ümummilli lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.
Ulu Öndərin diqqət və qayğısı ilə kiçik bir əyalət olan Tərtər rayonu inkişaf edib, gözəlləşib.
Rayon rəhbəri çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi ilə bu gün Azərbaycan ən şanlı tarixini yaşayır. Heydər Əliyev irsi, ideyaları bizə müasir dövrdə də getdiyimiz yola uğurla bələdçilik edir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq ölkəmizin və xalqımızın parlaq gələcəyinə özünün töhfələrini verir.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon Prokuroru Əli Qurbanov, YAP Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış edərək Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurulmasında, inkişafında göstərdiyi xidmətləri xüsusi qeyd ediblər. Vurğulayıblar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi. Həmin dövrün siyasi gərginliklərindən bəhs edən natiqlər qeyd ediblər ki, bu günki qalib Azərbaycanın təməlləri məhz həmin dövrdə atıldı.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.