Tərtərdə “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, rayon Təhsil Sektorunun əməkdaşı Gülxar Abbasova və rayon Mərkəzi Xəstəxanasının həkimləri iştirak edib.
Tədbiri giriş sözü ilə Tərtər RİHB-nin əməkdaşı Rəqsanə Məmmədli açaraq, iştirakçıları salamlayıb. R.Məmmədli dünyada sürətlə yayılan İİV virusu və onun törətdiyi QİÇS xəstəliyinin beynəlxalq aləm üçün böyük bəla olduğunu, mövcud virusun cəmiyyətin sağlam inkişafına təhlükə yaratdığını və bu xəstəliyə yoluxmamaq üçün gənc nəslə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib.
Daha sonra rayon Mərkəzi Xəstəxanasının həkimi Elman Kərimov tədbirdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.