Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

13 iyun 2024 | 15:27

Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun- Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini  ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında  davam etdirilib.

Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş  şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra  Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu münasibət ilə  bütün tibb işçilərinə uzun ömür, can sağlığı və şərəfli peşələrində müvəffəqiyyətlər arzu edirəm.

Sonra Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan danışan rayon rəhbəri səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər barədə də danışıb. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlərin xalq tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılandığını bildirib.

Qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər, Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə, 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani, xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizoterapeya kabinetində kabinet  müdiri Zəhra Hüseynova çıxış ediblər.

 Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla  təltif edilib.

Keçidlər