Tərtərdə “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər-Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı şəhər 6 nömrəli tam orta məktəbin Akt zalında “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər-Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, rayon Prokurorluğunun böyük köməkçi, ikinci dərəcəli hüquqşünas Elman Ələddinzadə, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru-polis baş letenantı İlham Rəhimli, ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, müəllimlər, psixoloqlar, valideynlər və təhsildən yayınan şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil sektorunun müdiri Oktay Sarıkişiyev ümumtəhsil məktəblərində davamiyyətin vəziyyəti, təhsildən yayınma hallarının səbəbləri və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, məktəblərlə mütəmadi monitorinqlər aparılır, risk qrupuna daxil olan şagirdlərlə fərdi işlər görülür.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, uşaqların təhsildən kənarda qalmasının qarşısının alınması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, hər bir uşağın keyfiyyətli təhsil alması həm cəmiyyətin, həm də valideynlərin əsas məsuliyyətlərindən biridir. Bu sahədə məktəblər, aidiyyəti qurumlar və valideynlər arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru-polis baş letenantı İlham Rəhimli və rayon Prokurorluğunun böyük köməkçisi, ikinci dərəcəli hüquqşünas Elman Ələddinzadə uşaqların təhsildən yayınmasının qarşısının alınması sahəsində qanunvericiliyin tələbləri barədə danışaraq qeyd ediblər ki, övladlarının təhsil hüququnu təmin etməyən valideynlər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət daşıyırlar.
Şəhər 1 nömrəli məktəbin direktoru Amil Hüseynov,2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova, Cəmilli kənd tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Nüşabə Əliyeva çıxışlarında uşaqların məktəbdən uzaqlaşmasına təsir edən psixoloji və sosial amillərdən danışıb, valideynlərlə düzgün ünsiyyətin və məktəb-müəllim-ailə əməkdaşlığının vacibliyini vurğulayıblar.
Sonra rayon rəhbəri təhsildən yayınan uşaqların valideynlərini və uşaqları dinləyib,onların problemlərinin həlli yolları birlikdə araşdırılaraq,müzakirə edilib,təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi və nəzarətin daha da gücləndirilməsi ilə bağlı müvafiq tövsiyyələr verilib.
Tədbirdə iştirak edən valideynlər də çıxış edərək uşaqların təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






