Tərtərdə təhsil işçiləri ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Tərtər şəhər 5 nömrəli tam orta məktəbdə təhsil işçiləri ilə birlikdə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Ərziman Rizvanov, Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəb və məktəbdənkənar müəssisələrin direktorları, rayonda fəaliyyət göstərən körpələr evi-bağçalarının müdirləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev açaraq, təhsil işçilərini salamlayıb və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin 27 yanvar 2025-ci il tarixli əmrindən, müvafiq iş planı və bu sahədə görülən işlərdən danışıb. Qeyd edib ki, Təhsil Nazirliyinin 27.01.2025-ci il tarixli əmri Milli Fəaliyyət Planının icrasını təmin etmək məqsədilə konkret tədbirlər planının hazırlanmasını, maarifləndirmə işlərinin genişləndirilməsini, şəffaflığın artırılmasını və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur. Bu əmr hər bir təhsil işçisinin üzərinə böyük məsuliyyət qoyur. Çünki korrupsiya ilə mübarizədə əsas uğur yalnız qanunvericiliyin mövcudluğu deyil, həmin qanunların hər birimiz tərəfindən vicdanla icra olunması ilə ölçülür.
Sonra Tərtər rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Ərziman Rizvanov təhsil sahəsində korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi, hüquqpozmalara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, maarifləndirmə tədbirlərinin əsas hədəfi yalnız qanunu xatırlatmaq deyil, həm də insanlarda məsuliyyət hissini gücləndirməkdir. Korrupsiya cəmiyyətin sosial-iqtisadi inkişafına, dövlət idarəçiliyinin səmərəliliyinə və vətəndaşların dövlətə olan etimadına ciddi zərbə vuran ən təhlükəli mənfi hallardan biridir.
Bu günkü görüşümüzün əsas məqsədi də dövlətimizin korrupsiyaya qarşı qətiyyətli mübarizə siyasətinin təhsil sahəsində icrasını, qarşıda duran vəzifələri və hər bir təhsil müəssisəsi işçisinin bu prosesdə məsuliyyətini bir daha diqqətə çatdırmaqdır.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasətin davamı olaraq qəbul edilmiş 2022–2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı bütün dövlət qurumları, o cümlədən təhsil sistemi üçün də konkret vəzifələr müəyyən edir. Təhsil sahəsi cəmiyyətin mənəvi dayağı, gələcəyimizin formalaşdığı əsas mühit olduğu üçün bu sahədə şəffaflıq, dürüstlük və qanunun aliliyi xüsusi əhəmiyyət daşıyır.
Təhsil müəssisələrində formalaşan dəyərlər birbaşa olaraq gələcək nəslin dünyagörüşünə, vətəndaş mövqeyinə və dövlətə münasibətinə təsir göstərir. Məhz buna görə də korrupsiyaya qarşı mübarizə yalnız inzibati tədbirlər toplusu deyil, eyni zamanda mənəvi-əxlaqi mübarizə, ictimai şüurun formalaşdırılması prosesidir.
Müəllim–təkcə bilik verən deyil, onun etik davranış qaydalarına əməl etməsi də cəmiyyət üçün bir nümunədir. Onun davranışı, ədalət prinsiplərinə sadiqliyi, şəffaflığı şagirdlərin formalaşmasına birbaşa təsir edir. Korrupsiyanın aradan qaldırılmasının ən təsirli yolu məhz gənc nəsilə dürüstlük, vicdanlılıq, qanuna hörmət kimi dəyərlərinin aşılanmasıdır.
Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.






