Tərtərdə “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda nümayiş-seminar keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə iyun 2-də İnistitutun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümüşüdov, Aqrar xidmətlər agentliyinin sədr müavini Cəfər Məhərrəmov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi özəl şirkətlərin təmsilçiləri və ətraf kəndlərdə taxılçılıqla məşğul olan bəzi fermerlər iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb.
Kənd Təsərüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. Mövzu ətrafında çıxış edən İmran Cümüşüdov son illərdə baş verən iqlim dəyişikliyi fonunda taxılçılıqda risklərin artmasınavə fermerlərin taxıl sortlarına olan tələblərinin dəyişilməsinə toxunub. O, bildirib ki, yüksək məhsuldarlıqla yanaşı fermerlər sortun həm də quraqlığa davamlı və tezyetişən olmasını arzulayırlar. Natiqi çıxışına davam edərək taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyinə diqqət çəkib.
Çıxış üçün söz alan Faiq Xudayev seleksiya proqramının əsas istiqamətlərindən danışıb və bildirib ki, arzuolunan əlamətlərin yaradılan yeni taxıl sortlarına daxil edilməsində fermerlərin istəkləri nəzərə alınır.
Tədbirdə çıxış edən cəfər Məhərrəmov tədqiqat institutları tərəfindən yeni sortlarıntoxumçuluğunda söz açıb. Natiqin çıxışında toxumçuluqda sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb.
Mövzu ətrafında müzakirələrə qatılan özəl şirkətlərin nümayəndələri və yerli fermerlər yeni sortların sınağının aparılmasında və onların toxumçuluğunun təşkilində Əkinçilik ET İnstitutu ilə əməkdaşlığa hazır olduqlarını bildirmişlər. Tədbirin sonunda iştirakçılar Stansiyasının əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.