Tərtərdə “Sülh və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı və Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə "Sülh aylığı" çərçivəsində "Sülh və insan hüquqları" mövzusunda “dəyirmi masa” keçirib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əmədaşları və mərkəzin kollektivi iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust-21 sentyabr “Sülh aylığı” elan edilmiş və bununla bağlı xalqa müraciət ünvanlanmışdır. Aylığın keçirilməsində məqsəd 21 sentyabr Beynəlxalq Sülh Gününün əhəmiyyəti, sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barəsində ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin artırılmasına töhfə verməkdir.
Qeyd olunub ki, bu gün dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi əsasların möhkəmləndirilməsi əsas məqsədlərdən biri hesab edilir.
Sonra YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, direktor müavini Vüsal Paşayev, mərkəzin əməkdaşları Fizuli Əzimov, Arif Behbudov, Reyhan Məmmədova, Aysel Sadıqova, Mətin Mustafalı və Nofəl Aslanov çıxış ediblər. Çıxışlarda bildirilib ki, “Sülh aylığı” çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






