Tərtərdə “Sülh – bir gələcək üçün birgə” mövzusunda “dəyirmi masa” keçirilib
21 avqust – 21 sentyabr tarixlərini əhatə edən Sülh aylığı çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh – bir gələcək üçün birgə” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşları, Heydər Əliyev Mərkəzinin kollektivi və digər mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova,YAP rayon yəşkilatının əməkdaşı Gündüz Alıkişiyev,Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, bələdçl Əzizə Kərimova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmət şöbəsinin işçisi Afət Zeynalova çıxış ediblər.
Çıxışlarda sülhün bəşəriyyət üçün əhəmiyyəti, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanın sülh təşəbbüsləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət barədə geniş məlumat verilib.
Xüsusi vurğulanıb ki, Azərbaycan son illər Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl təşəbbüslər irəli sürür. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamə regionda sülh gündəliyinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilib. Bəyannamədə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanması, sazişin imzalanması və ratifikasiyası istiqamətində əlavə addımların atılması, eləcə də regionda kommunikasiyaların açılmasının əhəmiyyəti qeyd olunur.
Bildirilib ki, həmin sənəddə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviq edilməsi, Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması kimi mühüm məsələlər öz əksini tapıb. Vaşinqton görüşünün nəticələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı sülhə çağırışlarını əks etdirən videoçarx da nümayiş etdirilib.
Videoçarxdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və əməkdaşlıq ideyalarının təşviqinə verdiyi töhfələrdən danışılıb.
Qeyd olunub ki, sülh yalnız müharibənin və qarşıdurmanın olmaması deyil, xalqların təhlükəsiz və firavan gələcəyinin, iqtisadi və humanitar əməkdaşlığın təmin edilməsidir. Bu baxımdan, Azərbaycan dövlətinin irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüsləri regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Dəyirmi masa 21 avqust – 21 sentyabr Sülh aylığı çərçivəsində Tərtər rayonunda keçirilmiş silsilə tədbirlərin yekunu olub.Qeyd olunub ki, aylıq çərçivəsində sülh, həmrəylik, humanizm və qarşılıqlı anlaşma ideyalarının təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.






