Tərtərdə Sülh aylığı çərçivəsində məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib
21 avqust–21 sentyabr tarixlərini əhatə edən Sülh aylığı çərçivəsində Tərtər rayon icra hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Ağdərə-Tərtər rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, təhsil sektorunun əməkdaşları, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri, məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları şagirdlərin əl işlərinə baxış keçirib və onların yaradıcılıq nümunələri ilə tanış olublar.
Sərgidə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin sülh, dostluq, həmrəylik və əmin-amanlıq mövzularında hazırladıqları rəsm və əl işləri nümayiş etdirilib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova, aparıcı məsləhətçi Pərişan Orucova, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Beynəlxalq Sülh Günü münasibəti ilə “Sülh aylığı” elan olunması ilə bağlı müraciəti barədə məlumat verərək, Sülh aylığının əhəmiyyətini, sülhün qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, uşaqların və yeniyetmələrin sülh ideyalarına bağlılığının artırılması, onların yaradıcılıq imkanlarının dəstəklənməsi məqsədilə keçirilən belə tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Sərgidə nümayiş etdirilən rəsmlərdə və əl işlərində məktəblilərin sülhə, dostluğa, birliyə və xoşbəxt gələcəyə dair arzuları öz əksini tapıb.
Sülh aylığı çərçivəsində rayon ərazisində müxtəlif maarifləndirici, mədəni və ictimai tədbirlərin keçirilməsi davam etdirilir.






