Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi mövzusunda tədbir keçirilib

08 iyun 2023 | 12:03

İyunun 8-də Tərtərdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Su Ehtiyatları Agentliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi” mövzusunda seminar keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə əlaqədar dövlət qurumlarının əməkdaşları, aidiyyəti idarə, müəsisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov.açaraq, cənab Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə bağlı Tərtər rayonunda görülən işlər barədə məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə olunması şöbəsinin sektor müdiri Əkbər Əsgərov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzinin aparıcı aqranomu Bayram Əliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sudan istifadə edənlər birlikləri üzrə iş sektorunun baş məsləhətçisi Sərxan Bayramov mövzu ilə bağlı çıxışlar edib, fikirlərini bildiriblər.

Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində ölkəmizdə suya olan tələbat ildən-ilə artır. Ona görə də, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.

Seminarın sonunda fermerlərin mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib.

 

Keçidlər