Tərtərdə şəkər çuğunduru əkinləri üçün yeni əlverişli torpaq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar tədbir keçirilib
15 fevral 2023-cü il tarixdə Tərtər Rayon Gənclər Mərkəzinin akt zalında Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Şəkər İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə şəkər çuğunduru əkinləri üçün yeni əlverişli torpaq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini Məmməd Həziyev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məhəmməd Hüseynov, Azərbaycan Şəkər İstehsalat Birliyinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Tədbirdə rayonda şəkər çuğunduru istehsalının artırılması üçün geniş imkanların olduğu qeyd edilib. Bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələr, pestisidlərlə təminat və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirləri öyrənilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.