Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirilib
Avqustun 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsini həyata keçirəcəyini qeyd edib. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20-dən artıq tibb heyəti Tərtərə ezam olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Tərtərdə keçirdiyi tibbi aksiya da bu qəbildəndir. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin Tərtərdə şəhid ailələri, qazilər, onların ailə üzvlərinin tibbi müayinəsinin həyata keçirməsi çox xeyirxah bir missiyadır.
Milli Məclisin deputatı Sahib Alıyev tibbi aksiyanın əhəmiyyətini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən tibbi sosial aksiya avqustun 26-da işğaldan azad edilmiş Talış kəndində davam edəcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərini qəbul edib. Onlara rayon haqqında ümumi məlumat verib və 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyanı özündə əks etdirən fotositentlərə baxıblar.
Sonra rayon rəhbəri aksiyanın yüksək səviyyədə təşkilindən razılığını bildirərək onlara Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.