Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid İnqilab Ağayevin doğum günü qeyd olunub

21 aprel 2026 | 13:55

Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin doğum günü qey olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin doğum günü münasibəti ilə şəhidin ailə üzvləri və döyüş yoldaşları ilə görüş keçirib. Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söz açılıb, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad eilməsi ilə həm də Birinci Qarabağ müharibəsi şəhidlərimizin qisasının alındığı vurğulanıb. İcra başçısı şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd edib, rayonda şəhid adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açıb. O, şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu və qayğısı ilə əhatələndiyini vurğulayıb.

Görüşdən sonra şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, daha sonra isə şəhər 2 saylı məktəb-liseydə şəhidin adını daşıyan sinifə baş çəkilib.

Qeyd edək ki, baş leytenant Ağayev İnqilab Mahmud oğlu 1957-ci il aprel ayının 18-də Tərtər şəhərində anadan olmuşdur. Əvvəlcə şəhər 2 saylı orta məktəbində, sonra isə 96 saylı Texniki Peşə Məktəbində təhsil almış, çilingər-mexanik peşəsinə yiyələnmişdir. 1977-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Bərdədə tikinti təşkilatında işləmişdir. 1991-ci ilin dekabrında könüllü olaraq “Tərtər ərazi özünümüdafiə batalyonu"na daxil olmuşdur. 21 iyul 1992 - ci ildə Şıxarx kəndinin alınmasında xüsusi fəallıq göstərmiş və bu döyüşdə ayağından ağır yaralanmışdır. İki ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtmış, Ağdərə rayonunun digər kəndlərini və Sərsəng su anbarının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə göstərdiyi təşkilatçılığa görə İnqilab rota komandiri təyin edilmişdir. 1993-cü il iyul ayının 23-də Akop-Komari kəndi yaxınlığında gedən döyüşdə tank komandiri kimi tankın üstündə düşmən müdafiəsini yararaq irəliləmiş və arxadan onun tankı ermənilər tərəfindən vurulduqdan sonra bir daha geri qayıtmamış, şəhid olmuşdur. Yalnız 1994-cü il aprel ayının 4-də həmin ərazi düşməndən azad edildikdən sonra nəşi torpaq altından tapılmış və gətirilərək Tərtər şəhər qəbiristanlığında dəfn edilmişdir. Evli idi. Bir oğlu və bir qızı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər