Tərtərdə şəhid Baxışlı Baxışın il mərasimi keçirilib
2024-cü ilin iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlunun il mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqallar Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.
Əvvəlcə şəhidin qəbirüstü abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.
Yas mərasimində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən şəhidin atası Elşən Bağırova şəhidin Azərbaycan Respublikası Prezidentinin 17 avqus 2024-cü il tarixli sərəncamı ilə təltif edildiyi “Vətən uğrunda” medalı təqdim edilib.
Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
Subay idi.
Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.