Tərtərdə şəhid Aslanlı Orxan Şahmar oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub
Tərtər rayonunun Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Aslanlı Orxan Şahmar oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Orxan Aslanlının qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Aslanlı Orxan və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb. Bu Qələbənin qazanılmasında itkilərimiz də olub. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
Sonra məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası Bəsti Ağayeva, dayısı İlqar Rüstəmov, kənd sakinləri Qabil Məmmədov, Akif Salayev çıxış edərək Orxan Aslanlının qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.