Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocalı soyqrımının 34-cü il dönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocalı soyqrımının 34-cü il dönümü ilə əlaqədar Tərtər şəhər Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, 9 №li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, Tərtər Şəhəri Kommunal Təsərrüfatı İdarəsinin və “DOST İş Mərkəzi” MMC-nin işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.
Aksiyada çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki: “Möhtərəm Prezidentimiz tərəfindən 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan olunması şəhərlərimizin estetik görünüşünün modernləşdirilməsi və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində atılan tarixi bir addımdır. Bu il çərçivəsində keçirdiyimiz aksiyanın əsas məqsədi Tərtərin simasını daha da gözəlləşdirmək, ekoloji tarazlığı bərpa etmək və gələcək nəsillərə daha təmiz, yaşıllıqlar içində bir şəhər miras qoymaqdır. Bizim hər bir əkdiyimiz ağac həm təbiətə töhfə, həm də şəhərsalma mədəniyyətimizin tərkib hissəsidir. Tərtər hər zaman öz yaşıllığı və səliqəsi ilə seçilməli, müasir memarlıq tələbləri ilə təbiətin harmoniyasını özündə birləşdirməlidir.”
Aksiya zamanı Heydər Əliyev prospektində rayonun iqlim şəraitinə uyğun olan 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, küçə boyunca təmizlik işləri aparılıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcək.






