Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan memarlığına verdiyi töhfələr” adlı tədbir keçirilib
Tərtərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan memarlığına verdiyi töhfələr” adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları,idarə,müəssisə ,təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının prezidentl cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, bu sərəncamın Azərbaycanın memarlıq irsinin yenidən dəyərləndirilməsi üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın şəhərsalma və memarlıq tarixində keyfiyyətcə yeni mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. "Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Heydər Əliyev öz siyasətində bu sahəyə həmişə böyük diqqət ayırıb. Ulu Öndərin hakimiyyəti dövründə şəhərsalma ilk dəfə olaraq ayrıca sahə kimi deyil, dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirilib.
Ötən əsrin 70-ci illərindən başlayaraq iri ictimai binaların, mehmanxana komplekslərinin, konsert salonlarının, məktəblərin, mədəniyyət müəssisələrinin, səhyyə ocaqlarının, idman komplekslərinin tikintisi xüsusilə geniş vüsət aldı. Şəhərin baş meydanı Azadlıq meydanının qərbində “Azərbaycan”, şərqində “Abşeron” otellərinin, paytaxtda ən iri tamaşa müəssisələrindən biri olan “Respublika” sarayının, Bakı sərnişin vağzalının, “Gülüstan” sarayının, “Ziyafətlər” evinin, Azərbaycan Ali Sovetinin (Milli Məclisin) və Prezident Aparatı binasının inşası bilavasitə Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. Bu il 55 illiyi qeyd ediləcək Cəmşid Naxçıvanski adına hərbi məktəbin də tarixində Heydər Əliyev imzası var.
Tədbirdə çıxış edən Ağkənd İƏD-i üzrə nümayəndə Sədiqə Əhmədova,Kəngərli LƏD-i üzrə nümayəndə Xamiz Əsgərov,Qarağacı İƏD-i üzrə nümayəndəliyin baş məslətçisi Məhəmməd Hüseynov və Çardaqlı kənd İƏD –i üzrə nümayəndə Fəxrəddin Almasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın şəhərsalma və memarlıq sahəsinin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi dövründə milli memarlıq ənənələrinin qorunması, şəhərlərin müasir tələblərə uyğun inkişafı, tarixi-mədəni irsin mühafizəsi istiqamətində mühüm işlər görülüb. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizdə müasir şəhərsalma prinsiplərinin təşviqinə, memarlıq irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Dünya Şəhərsalma Forumuna ev sahibliyi isə bu uzun yolun məntiqi yekunu olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm ideoloji və praktiki dayağı kimi nümunə göstərilə bilər.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.






