Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində partiya fəalları və veteranlarla görüş keçirilib

17 aprel 2026 | 15:11

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə ərazi partiya təşkilatlarının sədrləri və partiya veteranları ilə görüş keçirilib.

YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər RİHBA Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Murad Səfərov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya veteranları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir infrastruktur layihələri Azərbaycanı şəhərsalma sahəsində regionun liderinə çevirib və məhz bu uğurların nəticəsidir ki, Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatındakı avanqard rolunu vurğulayan natiq, partiyanın hər zaman milli maraqların qorunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atdığını qeyd edərək, ərazi təşkilatlarına təşkilati işlərin və sosial şəbəkələrdə aktivliyin artırılması ilə bağlı tapşırıqlarını verib.

Daha sonra çıxış edən Tərtər RİHBA-da şöbə müdirinin müavini-sektor müdiri Murad Səfərov qeyd edib ki, rayonda aparılan genişmiqyaslı quruculuq işləri dövlətimizin şəhərsalma siyasətinin yerlərdəki bariz nümunəsidir. O, icra hakimiyyəti tərəfindən həyata keçirilən layihələrin rayonun simasını müasirləşdirdiyini və bu prosesdə partiya fəallarının ictimai rəyin formalaşdırılmasındakı rolunun vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində ərazi partiya təşkilatlarının sədrləri və tədbir iştirakçıları müxtəlif təkliflərlə çıxış edərək fəaliyyətin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda partiyanın fəaliyyətində xüsusi xidmətləri olan və yubiley yaşı tamam olmuş partiya veteranları YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Sonda veteranlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər