Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işlərindən ibarət sərgi keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar bölgələrdə silsilə tədbirlər həyata keçirilir. Bu çərçivədə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyəti və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər rayon Mədəniyyət Mərkəzində əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərgidə Mədəniyyət mərkəzinin əməkdaşlarının və yaradıcı şəxslərin hazırladıqları müxtəlif əl işləri nümayiş etdirilib. Ekspozisiyada şəhərsalma və memarlıq mövzusunu əks etdirən maketlər, dekorativ-tətbiqi sənət nümunələri, rəsm və digər yaradıcılıq işləri yer alıb. Nümayiş olunan əsərlərdə milli memarlıq ənənələri, müasir şəhərsalma yanaşmaları və estetik baxışlar öz əksini tapıb.
Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olaraq müəlliflərin yaradıcılıq axtarışlarını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə təşəbbüslər gənclərdə memarlıq və şəhərsalma sahəsinə marağın artırılmasına, milli-mədəni irsin təbliğinə və yaradıcılıq potensialının üzə çıxarılmasına mühüm töhfə verir.






