Tərtərdə “Şəhərsalma və Arxitektura İli” çərçivəsində yol kənarındakı obyektlər milli memarlıq üslubuna uyğunlaşdırılır
“Şəhərsalma və Arxitektura İli” çərçivəsində Tərtər rayonu ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir.
Belə ki, “Bakı–Xankəndi” velosiped yürüşünün keçiriləcəyi marşrut üzrə Tərtər–Ağdam yolunun kənarları təmizlənir, bu istiqamətdə yerləşən obyektlərdə təmir-bərpa işləri aparılır. Yolboyu infrastrukturun müasirləşdirilməsi ilə yanaşı, estetik görünüşün yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür. Obyektlərin xarici görünüşü milli memarlıq ənənələrinə uyğunlaşdırılır, dekorativ elementlərdə Azərbaycan ornamentlərinə üstünlük verilir.
Həyata keçirilən tədbirlər rayonun simasının daha da gözəlləşdirilməsinə, vətəndaşlar üçün rahat mühitin yaradılmasına və estetik zövqün formalaşdırılmasına xidmət edir.
“Şəhərsalma və Arxitektura İli” çərçivəsində görülən işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.






