Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onbirinci ildönümü münasibəti ilə tədbir keçirilib
Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 11-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, qazilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını 13 fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü və Peşə bayramları münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar diləyib.
Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd edib. Bildirib ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev xidmətin 11 il ərzində keçdiyi şərəfli inkişaf yolundan danışıb, 11 il ərzində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini, cəmiyyətin gözləntilərini doğrultduğunu qeyd edib.
Tədbirdə Tərtər rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, YAP rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edərək, əməkdaşları təbrik edib, öz ürək sözlərini bildiriblər.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-cu ildönümü və peşə bayramları münasibəti ilə xidmətdə fərqlənən bir qrup əməkdaş və Çağırışaqədərki hazırlıq fənni tədris edən müəllimlər Tərtər Rayon İcra Hakimiyyəti və Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif olundu.