Tərtərdə “Şahin” hərbi-idman oyunlarının zona mərhələsi keçirilib
Tərtər Olimpiya İdman Kompleksində Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Laçın və Göyçay rayonlarının komandaları arasında “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib.
Yarışa başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Dövlət Himni səsləndirilərək tədbir açıq elan edilib.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Samir Mehraliyev, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov çıxış edərək yarışın keçirilməsində əsas məqsədin şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasından ibarət olduğunu vurğulayıblar.
Daha sonra əsasnaməyə uyğun olaraq 9 ardıcıl mərhələ üzrə yarışa start verilib. Maraqlı mübarizə əzmində keçirilən hərbi-idman oyununun yekununda komandalar üzrə ümumi xalların cəminə uyğun olaraq mandat komissiyası tərəfindən qalib komandalar aşağıdakı kimi müəyyən edilib:
l yer – Bərdə rayon komandası,
ll yer – Ağdam rayon komandası,
lll yer – Şuşa rayon komandası.
Qalib komandalar Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə təltif olunublar.