Tərtərdə RİH əməkdaşları üçün “İcra hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü yarımbəndinə və "Yerli icra hakimiyyəti orqanlarının rəqəmsal inkişaf üzrə Yol Xəritəsi"nə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətində maarifləndirici təlim təşkil olunub.
14 oktyabr 2026-cı il tarixində Tərtər RİH-nin inzibati binasında keçirilən təlimdə rayon İcra Hakimiyyəti başçısı aparatının və İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təlimçisi Nicat Cahangirov tərəfindən keçirilən təlim “İcra hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara rəqəmsal mühitdə informasiya təhlükəsizliyinin təmin edilməsi, fişinq hücumlarından və sosial mühəndislik alətlərindən qorunma üsulları, güclü şifrə siyasəti və çoxfaktorlu doğrulama (MFA) mexanizmlərinin tətbiqi, eyni zamanda iş fəaliyyətində süni intellekt (AI) texnologiyalarından istifadə zamanı məxfilik və təhlükəsizlik qaydaları haqqında etibarlı məlumatlar verilib.
Təlimin effektivliyini və iştirakçıların mənimsəmə səviyyəsini qiymətləndirmək məqsədilə tədbirdən öncə və sonra əməkdaşlar üçün informasiya təhlükəsizliyi, kibertəhdidlərə reaksiya və süni intellektdən təhlükəsiz istifadə mövzularını əhatə edən qiymətləndirmə testləri təşkil olunub. Test tapşırıqları vasitəsilə əməkdaşların ilkin bilik səviyyəsi ölçülüb və təlimin sonunda əldə olunmuş nəticələr təkrar yoxlanılıb.
Sonda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.






