Tərtərdə “Regionlarda tək valideynli ailələrin hüquqi, sosial və psixoloji problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində tədbir keçirilib
“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 03 noyabr 2022-ci il tarixində Tərtər şəhər 6 saylı tam orta məktəbin inzibati binasında “Regionlarda tək valideynli ailələrin hüquqi, sosial və psixoloji problemlərinin həllinə dəstək” layihəsini çərçivəsində tədbir keçirilib.
Tədbirdə giriş sözü layihə rəhbəri Nuriyyə Abbasova açaraq, icraçı təşkilat haqda iştirakçılara məlumat verib, layihənin məqsədini açıqlayıb. Bildirib ki, layihə regionlardan olan qadınların psixo-sosial və hüquqi problemlərinin həllində dəstək xidmətlərinin göstərilməsindən bəhs edir. Həyata keçirilən layihə vasitəsilə tək valideynli ailələrdən olan qadınlarla görüşlər keçirilir, onların sosial, psixoloji və hüquqi problemləri araşdırılaraq aidiyyəti üzrə dəstək xidmətləri həyata keçirilir. Layihənin məqsədi regionlarda tək valideynli ailələrdən olan, ailə qayğısından məhrum olma riski altında olan uşaqların ailələrinə psixoloji xidmət göstərərək valideynlik bacarıqlarının, sosial təminat biliklərinin artırılması, hüquqi problemlərinin həll olunması yolu ilə onların ailə bütövlüyünü qorumaq və uşaqların ailə mühitində sağlam və təhlükəsiz inkişafını təmin etməkdir. Layihədən regionlarda olan 150 nəfər 18-50 yaşlarında aztəminatlı ailələrdən olan qadınlar faydalanacaqdır. Layihə həmçinin həmin ailələrin uşaqları və sosial əhatəsini də ehtiva edir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva çıxış edərək əvvəlcə qonaqları salamlamış, “Qadınlar arasında psixoloji sağlamlıq problemləri ilə bağlı maarifləndirmə aparılması və emosional gərginlik hallarında özlərinə dəstək və bacarıqların öyrədilməsi” mövzusunda təlimlərin çox səmərəli və faydalı olduğunu bildirmişdir.
Eyni zamanda layihənin sosial işçisi hüquqi, sosial və psixoloji yardıma ehtiyacı olan ailələrin vəziyyətini qiymətləndirmişdir. Layihənin hüquqşünası tərəfindən hüquqi yardıma ehtiyacı olan qadınlara hüquqi məsləhtlər verilmiş, adlarından iddia ərizələri və şikayətlər hazırlanmışdır. 2 ay müddətində həyata keçirilən layihə çərçivəsində qadın və uşaqlara hüquqi, sosial və psixoloji xidmət göstəriləcəkdir. Layihə noyabr ayının sonunda başa çatacaqdır.