Tərtərdə rayonun qaz təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur
Qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı sentyabr ayı ərzində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azay Muxtarovun iştirakı ilə “Rayonun qaz təsərüfatının mövcud vəziyyəti və görüləcək işlər” mövzusunda görüş keçirilmiş, rayonun qaz təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Görüşdə rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, rayon 100 faiz təbii qazla təmin olunsa da rayonun kənd və qəsəbələrində keçirilən səyyar qəbullarda sakinlər yeni inşa etdirdikləri fərdi yaşayış evlərinə qaz çəkilmədiyini bildirirlər. Bu çox az faiz təşkil etsə də amma var. Rayon rəhbəri təbii qazla təmin olunmayan bəzi yeni salınmış yaşayış massivləri, yeni tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasının vacibliyini bildirib.
Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçrilən layihələr, eləcə də təsərrüfatda aparılan islahatlardan danışıb. Qeyd edib ki, təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsi, yenidən qurulmasının sürətləndirilməsi istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarına hesablanmışdır. O, eyni zamanda bildirib ki, qeyd edilən məsələlər "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindədir, qısa müddət ərzində qanunamüvafiq formada öz həllini tapacaq.
Həmçinin görüşdə qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısının alınması, debitor borcların yığılması və digər məsələlər də müzakirə olunmuşdur.