Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ramazan ayı münasibətilə keçirilən xeyriyyə tədbirində 125 şəhid və qazi ailəsinə bayram sovqatları verilib

17 mart 2026 | 15:00

Mübarək Ramazan ayı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı, Türkiyə Respublikasının Diyanət İşləri Müşavirliyinin dəstəyi ilə rayonda xeyriyyə tədbiri təşkil olunub. Sosial dəstək proqramı çərçivəsində Tərtər rayonundan olan 125 nəfər şəhid və qazi ailəsinə bayram sovqatları təqdim edilib.

Tədbir çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop YAP Tərtər rayon təşkilatının inzibati binasında bir qrup şəhid ailəsi və qazilərlə görüşüblər. Görüşdə çıxış edən rayon rəhbəri və Baş Konsul ailələri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı hər sahədə olduğu kimi, mənəvi dəyərlərin qorunmasında və şəhid ailələrinə, qazilərə göstərilən diqqətdə də özünü parlaq şəkildə nümayiş etdirir.

Görüş zamanı rəsmilər ailələrin qayğıları və ehtiyacları ilə yaxından maraqlanıb, onlara bayram sovqatlarını təqdim ediblər.

Rəsmi görüşdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop bir qrup şəhid ailəsini və qazini evlərində ziyarət ediblər. Səmimi şəraitdə keçən görüşlərdə qəhrəmanlarımızın keçdiyi şərəfli yoldan bəhs olunub, onların ailə üzvlərinin istəkləri dinlənilib. Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə dövlət rəhbərliyinə, eləcə də qardaş Türkiyə təmsilçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər