Tərtərdə "Qəhrəmanlarımızı unutmayaq" başlığı altında növbəti şəhid ailəsinə ziyarət təşkil edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Şəhid Abbasov Aysənan Əsgər oğlunun ailəsi ziyarət olunub.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə edilən ziyarətdə şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə söhbət aparılıb.
Qeyd edək ki, Abbasov Aysənan Əsgər oğlu 26 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək şücaət göstərmişdir. 12 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimiz Abbasov Aysənan Əsgər oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü”, “Vətən uğrunda" və "Vətənə xidmətə görə" medalları ilə təltif olunub.
Şəhidlər ölməz, Vətən bölünməz!






