Tərtərdə qanunsuz inşa edilən obyekt aşkarlanaraq söküntüsü təmin edilib
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.
Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Dəmirçilər kəndində, kənd sakini Aslanov Koroğlu Elman oğlu tərəfindən dövlətə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb.
Qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.