Tərtərdə “Qadınlara qarşı zorakılığa son deyək” mövzusunda “dəyirmi masa” kecirilib
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı və Tərtər Peşə Məktəbi ilə birlikdə ”Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Qadınlara qarşı zorakılığa son deyək” mövzusunda “dəyirmi masa” kecirib.
Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdir.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Murad Muradlı, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, peşə məktəbinin müəllim və tələbələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova ictimai cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və “Qadın Zorakılığına Qarşı Mübarizə Günü”nün tarixi barədə danışıb. Qeyd edib ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi də təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edib.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Beynəlxalq kampaniya 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında keçirilir. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ və narıncı lentdir.
YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev,“Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova, müəllimlərdən Tamella Məmmədova, tələbələrdən Rövşanə Səfiyeva, Samirə Cəfərova çıxış edərək, qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət və vətəndaş cəmiyyəti tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışıblar. Qeyd olunub ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə fakt gizli saxlanılır.
Tədbirə müzakirələrlə yekun vurulub.






