Tərtərdə prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad etdilər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Rayon rəhbəri həmçinin çıxışında 12-13 sentyabr tarixindən başlayaraq dövlət sərhədində ermənilərin törətdiyi təxribatlardan, erməni vandalizminə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsindən də danışıb.
Sonra rayon prokuroru Əli Qurbanov, Tərtər hərbi prokuroru Emin Vəliyev, Polis Şöbəsinin rəisi Elçin Qasımov, DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, rayon məhkəməsinin hakimi Kamil Rzayev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar. Qeyd olundu ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxıblar.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq orqanının əməkdaşına Fəxri Fərman təqdim olunub.