Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, "Ekoloji İnformasiya" İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər DAİM-də "Pestisidlərin təhlükələri barədə ictimai maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə rayonun aidiyyəti qurumlarının nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində çalışanlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, "Ekoloji İnformasiya" İctimai Birliyinin sədri Musa Muradlı,layihənin eksperti Xosrov Musayev çıxış edərək layihənin əsas məqsədinin kənd icmalarında pestisidlərdən (kimyəvi dərmanlardan) düzgün və təhlükəsiz istifadə qaydalarının təbliği, onların insan sağlamlığına və ətraf mühitə mümkün mənfi təsirləri barədə maarifləndirmənin gücləndirilməsi olduğunu bildiriblər.
Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev,Bitki mühafizəsi üzrə baş mütəxəsis Fizuli Əzimov,fermer Saday Əzimov çıxış ediblər.Qeyd edilib ki, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, preparatların düzgün saxlanılması və tətbiqi həm insan sağlamlığının qorunması, həm də torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, ekoloji cəhətdən təmiz və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqinin vacibliyi vurğulanıb.
Sonda iştirakçılara pestisidlərdən təhlükəsiz istifadə qaydalarını əks etdirən maarifləndirici videoçarx təqdim olunub.






