Tərtərdə peşəyönümü ilə bağlı növbəti təlim keçirilib
Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Tətsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.
Təlimdə 84 nəfər yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov açaraq, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, Təhsil sektorunu nümayəndəsi Müsaməddin Qurbanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva peşə seçimi ilə bağlı şagirdlərə tövsiyyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur.
Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, ölkəmizdə gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəyini bilmir. Əksər hallarda gənclərin çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu istiqamətdə şagirdlərə kömək göstərilməsini zəruri edir.
Vurğulanıb ki, fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün, ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar.
Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə (bacarıq, maraq, istək, qabiliyyət və s.) özünü tanımasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin karyera məsləhətçisi Pərviz Quluzadə yuxarı sinif şagirdlərinə peşəyönümü ilə bağlı təlim keçib, əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə keçirilib, onların fikirləri dinlənilib, tövsiyyələr verilib.