Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə pambıqçılıq sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib

05 mart 2026 | 10:14

Tərtərdə pambıqçılığın inkişafı, bu sahədə qarşıda duran aktual məsələlər və fermerlərlə bağlanan müqavilələrin sayının artırılmasına həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aparatın məsul əməkdaşları, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Prime Cotton MMC-nin Tərtər filialının müdiri Vilayət Şairov, “Azərpambıq” MMC-nin Tərtər pambıq məntəqəsinin direktoru Fəqani Babışov, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Elvin Umudov pambıqçılığın rayon iqtisadiyyatındakı strateji rolundan, əhalinin məşğulluğunun təmin edilməsindəki əhəmiyyətindən danışıb. O, cari ildə fermerlərin pambıq zavodları ilə bağladıqları əkin müqavilələrinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu azalmanın aradan qaldırılması üçün yerlərdə təbliğat işləri gücləndirilməli və fermerlərlə daha sıx iş aparılmalıdır.

Daha sonra çıxış edən DAİM direktoru Mehman Babayev və Prime Cotton MMC-nin Tərtər filialının müdiri Vilayət Şairov pambıq əkini ilə bağlı mövcud subsidiyalar, dövlət dəstəyi və texniki təminat məsələlərinə toxunublar. Müqavilə sayının artırılması üçün aqrotexniki maarifləndirmənin vacibliyini qeyd edərək, fermerlərin marağının artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Tədbir boyu pambıq emalı müəssisələrinin rəhbərləri, İƏD nümayəndələr və bələdiyyə sədrləri ilə mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, fermerlərin pambıq əkininə cəlb edilməsi üçün yerli icra orqanları və zavodlar koordinasiyalı şəkildə fəaliyyət göstərməli, hər bir potensial əkin sahəsi dəyərləndirilməlidir.

Müşavirənin sonunda Elvin Umudov tərəfindən aidiyyatı şəxslərə konkret tapşırıqlar verilib. Vurğulanıb ki, pambıqçılıqda qarşıda duran vəzifələrin vaxtında icrası, fermerlər arasında geniş təbliğat-təşviqat işlərinin aparılması və müqavilə sayının qısa müddətdə artırılması rayonun kənd təsərrüfatı potensialının tam reallaşdırılması üçün əsas hədəfdir.

Keçidlər