Tərtərdə pambıq yığımının gedişi ilə bağlı sahələrə baxış keçirilib
Tərtər rayonunda 2026-cı təsərrüfat ilində pambıq yığımının başlanması ilə əlaqədar sahələrə baxış keçirilib.
Sahələrə baxış zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, “Azərpambıq ASK” MMC-nin Tərtər filialının direktoru Fəqani Babışov, aidiyyəti qurumların nümayəndələri və digər şəxslər iştirak ediblər.
İştirakçılar Tərtər rayonu ərazisində “Azərpambıq ASK” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Hökmüdar Quluyevin pambıq sahəsində olublar. Burada pambığın maşınla yığımının gedişi izlənilib. Fermer ötən il 2 hektar sahədən 40 sentner məhsul götürdüyünü, bu il isə 50 sentner məhsul əldə edəcəyini bildirib.
Rayon rəhbəri fermer təsərrüfatında görülən işlər, məhsuldarlığın artırılması, pambıq yığımının vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, mövcud vəziyyət müzakirə edib və müvafiq tövsiyələr verib.
Qeyd olunub ki, pambıqçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına mühüm töhfə verir.






