Tərtərdə növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 35 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardımla, həyətyanı torpaq sahəsi ilə təmin olunma, pay torpaq sahəsinin yerinin dəyişdirilməsi, suvarma suyu ilə təminat, bələdiyyədən icarəyə torpaq götürülməsi, yaşayış sahəsi ilə təmin olunma, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.