Tərtərdə “Narkotikə yox deyək!” və “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib
Rizvan Nəbiyev adına Soyulan kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Soyulan kənd İƏD-i üzrə nümayəndəliyin baş məsləhətçisi Tofiq Ələkbərov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Tamella İbrahimova, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar, narkotik maddələrin qəbul edilməsinin insana fiziki, mənəvi və psixoloji zərbə vurduğunu qeyd ediblər,problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə olduğunu vurğulayıblar.
Tədbirdə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının, onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunmasının vacibliyindən də bəhs edilib. Qeyd olunub ki, uşaqların zərərli informasiyadan müdafiəsi yalnız valideyn və müəllim nəzarəti ilə deyil, həm də dövlətin hüquqi mexanizmləri ilə tənzimlənir. Çıxışlarda həmçinin sosial şəbəkələrdən şüurlu istifadə mədəniyyətinin formalaşdırılması, media savadlılığının artırılması, onlayn zorakılıq və kibertəhlükələrə qarşı maarifləndirmənin zəruriliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






