Tərtərdə narkomanlığı doğuran səbəblər və onların qarşısının alınması ilə bağlı tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.11-ci bəndinin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin,YAP rayon təşkilatının, rayon Polis şöbəsinin əməkdaşları, icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri,rayon mərkəzi xəstəxanasının həkimləri,digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, Tərtər Peşə Məktəbinin kollektivi və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova narkomanlığı doğuran səbəb və şəraitin öyrənilməsinin, rayon üzrə mövcud vəziyyətin təhlil edilməsinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, narkomanlığa qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda əhali, xüsusilə yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işlərinin aparılması, sağlam həyat tərzinin təbliği və risk qruplarına aid şəxslərlə profilaktik işin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Pərişan Orucova çıxış edərək, rayonumuzda narkomanlığı doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi, aidiyyəti qurumlar arasında qarşılıqlı məlumat mübadiləsinin və əməkdaşlığın gücləndirilməsi, eləcə də narkomanlığın qarşısının alınmasına yönəlmiş tədbirlərin daha da genişləndirilməsi ilə bağlı danışıb.
Tədbirdə YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, rayon Polis şöbəsinin İTB-nin YYÇPİTQ-nin inspektoru, polis baş leytenantı Sirac Əlizadə, İctimai Şuranın sədri,”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, həkim-pediatr Hicran Rəhimli,Tərtər Peşə Məktəbinin direktor müavini Bəhruz Nəzərov,məktəbin psixoloqu Altunə Bayramova, müəllimləri Tacirə İlyasova,Qalalı Hüseynov və rayon icra hakimiyyətində könüllü Şahnaz Tanırverdiyeva çıxış ediblər. Çıxışçılar öz təklif və mülahizələrini bildiriblər.Verilən təkliflərlə bağlı müzakirələr aparılıb.
Sonda Dövlət Proqramının 8.4.11-ci bəndindən irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlərin davam etdirilməsi qərara alınıb.






