Tərtərdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib
25 sentyabr 2026-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib.
İclas Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndindən irəli gələn vəzifələrə həsr olunub.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, komissiyanın sədri Elvin Umudov çıxış edərək rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib, bu istiqamətdə profilaktik və maarifləndirici işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
İclasda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə yanaşı, narkomanlığın doğurduğu sosial fəsadların aradan qaldırılması, profilaktik tədbirlərin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və maarifləndirmə işlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda komissiya üzvlərinin məlumatları dinlənilib, müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və aidiyyəti istiqamətlər üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.






