Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə narkomanlığa qarşı mübarizədə idmanın imkanlarından səmərəli istifadə olunur

12 iyun 2026 | 16:35

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, sağlam həyat tərzinin təbliği və gənclərin zərərli vərdişlərdən uzaq tutulması istiqamətində Tərtər rayonunda ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2025–2030-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair Dövlət Proqramında müəyyən edilmiş vəzifələrin icrası çərçivəsində gənclərin idmana cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə rayonda gənclər arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar və tədbirlər təşkil olunur. Üzgüçülük, boks, şahmat, voleybol, şəhər idmanı və digər idman növləri üzrə keçirilən yarışlarda müxtəlif yaş qruplarından olan gənclər fəal iştirak edirlər. İdman yarışlarının keçirilməsində əsas məqsədlərdən biri gənclərin asudə vaxtının səmərəli təşkili, onların fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, idmana marağının artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir. Tədbirlər çərçivəsində gənclərə narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ciddi zərər barədə məlumat verilir, narkomanlığın ağır fəsadları diqqətə çatdırılır. Gənclərə sağlam gələcəyin, fəal və sağlam həyat tərzinin vacibliyi aşılanır. Keçirilən idman yarışları göstərir ki, gənclərin sağlam və faydalı fəaliyyətə istiqamətləndirilməsi narkomanlığın qarşısının alınmasında mühüm vasitələrdən biridir. Bu baxımdan idmanın kütləviləşdirilməsi, gənclərin müxtəlif idman növlərinə cəlb olunması və onların ictimai həyatda fəallığının artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Belə tədbirlər Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin yerli səviyyədə ardıcıl icrasına, sağlam və narkotiklərdən uzaq gənc nəslin formalaşdırılmasına mühüm töhfə verir.

Keçidlər