Tərtərdə “Narkomaniyaya yox deyək" və "Erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
Tərtər rayonu Ş.Rəhimov adına Azad Qaraqoyunlu kənd tam orta məktəbində Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər rayon Polis şöbəsinin və Tərtər rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılğı ilə “Narkomaniyaya yox deyək" və "Erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər rayonu Polis şöbəsinin rəisi polis polkovniki Elçin Qasımov və Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.